“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədini daşıyır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 51 gəmi vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən ibarətdir. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.
Onillərlə neft və neft məhsulları daşımış “Suraxanı” gəmisinin təmiri Azərbaycanın ilk interaktiv rəqəmsal muzeyi kimi qurulması üçün nəzərdə tutulmuşdu. İncəsənət məkanı kimi istifadə edilməsi nəzərdə tutulan gəminin vahid idarəetmə, rəqəmsal audio və video materiallar, ümumilikdə isə bütün muzey xidmətinin rəqəmsala keçidi, eləcə də onun məlumatlarının saxlanma infrastrukturuna ehtiyacı var idi.
ED şirkəti ölkənin ilk və yeganə interaktiv muzeyinin qurulması üçün bütün məlumatların rəqəmsal saxlanma mərkəzini qurdu. Bundan sonrakı mərhələdə ED muzeyin optimal qurulması və idarə edilməsi üçün muzey məlumatlarına ümumi nəzarət sistemi yaratdı. Video-axın idarəetmə sisteminin həlli ilə təhlükəsiz ötürülən məlumat monitorlarda əks etdirildi, eləcə də onların idarə edilməsi rəqəmsal şəbəkələrə inteqrasiya edildi.